20

Camalın gözəldir qadın hüsnü tək,

Özün bu aləmdə nadir aləmsən.

Xəyanət bilməyir köksündə ürək,

Sən mənim həm şahım, həm məlikəmsən.

Baxışın gur işıq saçır aləmə,

Bütün saxtalığı qılınc tək kəsir.

Səndəki mərdliyə, səndəki hökmə

Oğlanlar heyrandır, qızlar da əsir.

Qadın yaratmayıb səni təbiət,

Vurulub hüsnünə — ilk bahara o.

Səndən ayırıbdır məni təbiət,

Verib səadəti qadınlara o.

Yaxşı, belə olsun, gülsün baharın,

Qəlbin mənim olsun, sevgin onların.

21

Yarışa girmirəm məddahlarla mən,

Ay deyim, gün deyim vəfadarıma.

Mən ilham almıram ilahələrdən,

Tərif yükləmirəm misralarıma.

Qoy onlar yarışsın biri — biriylə,

Toplasın dünyanın inci-dürrünü,

Əl açsın ətirli çiçəyə, gülə,

Bəzəsin, boyasın şerlərini.

Sevgidə həqiqət sirdaşım olmuş,

Yazıram: sevgilim şuxdur, qəşəngdir.

O da başqası tək insan doğulmuş,

Nə parlaq ulduzdur, nə tər çiçəkdir.

Tərif lazım deyil mənim eşqimə,

Eşqimi satmıram mən ki heç kimə.

22

Güzgü sübut etməz qocalığımı;

Sənin gəncliyinlə uçan quşam mən.

Üzündə açanda illər şırımı

Bir onda bilərəm qocalmışam mən.

Olduğu sinədə döyünmür ürək,

Sevdiyi sinədə çırpınır hər dəm.

Qəlbimiz dəyişib yerini, gerçək,

Səndən neçə yaşlı ola bilərəm?

Özünü mənim tək gözlə hər zaman,

— Düşərəm sənin üçün qara, borana,

Könlünü saxlaram dərddən, bəladan,

Körpəni beləcə qoruyar ana.

Köksümdə daima vurar ürəyin,

Ürəyim susanda susar ürəyin.

23

Aktyor bilməsə rolunu əgər,

Yanılıb dolaşıq salar sözünü.

Elə ki, bir çılğın heyrətə gələr,

Heyrətdən itirər tamam özünü.

Mən de, bax, beləcə səssiz dayanır,

Aça bilməyirəm könlümü, inan.

Titrək dodaqların alışıb yanır

Hədsiz məhəbbətin alovlarından.

Qoy senə sevgimi kitabım desin,

Bir də bu gözlərim — lal peyğəmbərlər;

Səndən yalvararaq əvəz istəsin,

Ürəyi gözlər tək kim duya bilər?!

Oxu lal eşqimin hər kəlməsini,

Eşit gözlərinlə qəlbin səsini.

24

Qəlbimə həkk edib səni, əzizim,

Gözlərim şövqündən od tutub yanar,

Canlı çərçivəyə dönmüşəm özüm,

Sabahı yaradır dahi sənətkar.

Hər şəklə gərəkdir rəssam nəzəri,

Gör, necə hüsnünə nur ələnibdir.

Müqəddəs hücrəmin pəncərələri

Sənin gözlərinlə şüşələnibdir.

Gözüm gözlərindən doymur bir kərə,

Odlanır atəşdə, yanır atəşdə.

Gözlərin könlümə olub pəncərə,

Onlardan rəsminə baxır günəş də.

Gözlərim qəlbindən tutmayır soraq…

Gözlər gördüyünü həkk edir ancaq.

25

Xoşbəxt ulduz altda kim ki doğulub,

Qoy hər vaxt öyünsün şan — şöhrətiylə.

Mənimsə qismətim məhəbbət olub,

Məst edir könlümü səadətiylə.

Şahın əyanları içdikcə şəfqət,

Günəbaxan kimi açar hər yanda.

Azalsa günəşdə atəş, hərarət,

Solar yavaş-yavaş günəbaxan da.

Qalib bir sərkərdə — döyüş övladı

Birdən məğlub olsa vuruşda əgər,

Şöhrət kitabından silinər adı,

Bütün qazandığı əlindən gedər.

Məni bu dəhşətdən kənar edib bəxt,

Sevib sevilirəm, xoşbəxtəm hər vaxt.

26

Kralına sadiq bir rəiyyət tək

Sənə bildirmək üçün sədaqətimi,

Məktub göndərirəm qəlbən, sevincək

Mən sənin yanına bir səfir kimi.

Sözlərim olsa da kasıb, çıl-çılpaq,

Bəzənəcək gözəl etibarınla.

Qəşəng gözlərindən ziya alacaq,

Yüksələcək ülvi duyğularınla.

Bələdçim — ulduzlar zülmət yollara

Daim şəfəq saçsa, işıq çiləsə,

Bu yoxsul bəxtimi bürüyüb nura

Sənin taleyinə layiq eləsə, —

Bir onda deyərəm sənə eşqimi.

Hələlik saxlaram dəfinə kimi.

27

Duymuram güc-taqət ayağımda mən,

Yorğunluq ömrümü haram eyləyir.

Yatmaq istəyirəm yatağımda mən,

Səyahət başımda davam eyləyir.

Xəyalım axtarır səni hər zaman,

Sənsiz nə pir vardır, nə də ziyarət.

Gözlərim dikilir zülmətə hər an,

Görür qaranlığı korlar da, əlbət.

Gecənin qoynunda parlaq inci tək

Xəyalən qarşımda görürəm səni.

Ülvi gözəlliyin nur çiləyərək,

Necə də bəzəyir zülmət gecəni.

Yoxdur rahatlığım eşqin əlindən,

Gündüz də, gecə də yol gedirəm mən.

28

Gülüb fərəhlənim, sevinim necə?

Hələ istirahət bilmirəm nədir.

Gündüzün dərdini azaltmır gecə,

Gecə də gündüz tək bir qəmxanədir.

Hər vaxt bir — biriylə düşmən olsa da,

İndi mənə qarşı dostlaşıb onlar.

Biri həsrətini gətirir yada,

Biri ürəyimə verir dərd, qubar.

Gündüzə deyirəm, buludlu olsan,

Dostum şəfəq salar senin hüsnünə.

Gecəyə deyirəm, zülmətdə qalsan,

Dostum ulduz olar; baxmırlar mənə.

Gündüzün uzundur dərdi, ələmi,

Gecənin ağırdır həsrəti, qəmi.

29

Taleyin əliylə alçaldıqca mən

Acı göz yaşında qovrulur ürək.

Mərhəmət umuram dilsiz göylərdən

Uğursuz bəxtimi lənətləyərək.

İstərəm yüksəlsin göyə ad-sanım,

Dostlarım çox olsun, ümidim de bol.

Sənətdə parlasın şöhrətim, şanım,

Açılsın qarşımda geniş, azad yol.

Yadıma düşəndə sən birdən-birə,

Nifrət yağdırıram özümə, nifrət!

Ruhum torağay tək uçur göylərə,

Dolur nəğməsiylə qəlbimə şəfqət.

Sənin saf eşqinlə yüksəyəm, inan,

Dünyanın ən güclü krallarından.